← Qeydlər

Frontend layihələr niyə səssizcə çökür?

Çünki problemlər bir anda yaranmır - aylarla, bəzən illərlə səssiz şəkildə yığılır. Və ən təhlükəlisi də budur.

İlk başda hər şey idarəetmə qərarı ilə başlayır. Bir çox komandada frontend hələ də sadəcə UI kimi qəbul olunur. Nəticədə nə baş verir?

  • Texniki qərarlar "roadmap"ə daxil edilmir.
  • Arxitektura planlaşdırılmır.
  • “Sonra düzəldərik” normal hal olur.

Bu mərhələdə problem kodda deyil, qərar mexanizmindədir və doğru müdaxilə ilə gedişatı dəyişmək mümkündür.

Amma bu baş vermir, çünki kənardan hər şey qaydasında görünür. UI stabildir, "feature"lər vaxtında çıxır, heç kim risk hiss etmir və ya riski hiss edənlərin sözü dinlənilmir. Nəticədə nə baş verir?

  • Temporary kod qalıcı olur.
  • Şərtlər və "workaround"lar çoxalır.
  • Onboarding 2 həftə yox, 2 aya çevrilir.

Əslində texniki borc bu mərhələdə də tam olaraq özünü göstərmir, lakin sistemin elastikliyini tədricən öldürür.

Bir gün problemlər artıq gizlənə bilmir və gözə batmağa başlayır. Elə bu mərhələdə problem yanlış insanlar tərəfindən yanlış oxunur. Bir müddət sonra isə klassik cümlələr eşidilməyə başlanılır:

  • “Bu kod artıq çox qarışıqdır.”
  • "Refactor etmək lazımdır."
  • “Bəlkə, framework dəyişək?”

Halbuki düşüncə tərzi eynidirsə, arxitektura dəyişməyibsə, ownership hələ də yoxdursa, framework dəyişmək həll yolu deyil. Çünki yeni texnologiya köhnə problemləri həll etmir.

Və yaxud roadmap yoxdursa, məsuliyyət müəyyən edilməyibsə, refactor edərik demək həll yolu ola bilməz. Bu cümlə sadəcə nələrisə təxirə salmaq ya da özümüzə təsəlli verməkdən başqa bir şey deyil.

Hələ bir də bunun görünməyən tərəfləri var. Paraleldə nələr baş verir?

  • Regression sayı artır
  • Komanda yorulur
  • Məhsul yavaşlayır

Qısaca desək, frontend layihələr bir anda dağılmır, bir bug ilə batmır, bir framework ilə də xilas olmur. Onlar yanlış idarəetmə qərarları nəticəsində "səssizcə" çökür. Nə qədər ki, frontend sistem kimi görülməyəcək, problem kodda axtarılsa da, cavab orada olmayacaq.